2020-ci il dekabrın 23-də Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müəllimi Orxan Zamanovun təşəbbüsü ilə Tarix müəllimliyi ixtisasının birinci və ikinci kurs tələbələri üçün “Hun kurqanları və arxeologiyası” mövzusunda virtual interaktiv dərs keçirilmişdir. Dərsdə departamentin müəllimi Dr. Telman Nüsrətoğlu, assistenti Kəmalə Mustafayeva, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Dr. Pərviz Qasımov iştirak etmişlər.
İnteraktiv dərsdə Türk xalqlarının yaratdığı maddi və mənəvi mədəniyyət, onların yazı ənənəsi və öyrənilməsi problemlərinə toxunulub. Telman Nüsrətoğlu Türk xalqlarının qədim tarixi yazılı mənbələri haqqında ətraflı məlumat vermişdir. Kurqanların arxeologiyası üzrə mütəxəssis Pərviz Qasımovun qədim Hun kurqanları, o cümlədən Azərbaycan ərazisində tapılmış kurqanlar haqqında verdiyi məlumatlar tələbələrin xüsusi marağına səbəb olmuşdur. Sonda tələbələrin sualları cavablandırılmışdır.