Azərbaycan tarixinin bu günki konsepsiyasının əsas müəlliflərindən biri, görkəmli tarixçi, böyük alim, gözəl müəllim professor Süleyman Əliyarlının dünyaya göz açmasından 90 il ötür. Bu münasibətlə Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin Tarix müəllimliyi ixtisası tələbələri departamentin müəllimləri ilə birgə alimin doğum günü - 18 dekabra tasadüf edən Azərbaycan tarixi dərsini onun həyat və yaradıcılığına həsr etmişlər.
Dərs zamanı alimin həyat və yaradıcılığı haqqında məlumat verən müəllimlər. eyni zamanda, onun Xəzər Unuversiteti ilə əlaqələrindən, universitetin “Elm və sənət” məclislərində iştirakından söhbət açaraq, keçmiş günləri anmışlar. Dərsdə Xəzər Universitetinin və Tarix və arxeologiya departamentinin arxiv materiallarından istifadə edilərək böyük şair, Süleyman Əliyarlının dostu Bəxtiyar Vahabzadənin, alimin sabiq tələbələri, hal-hazırda Azərbaycan tarixinin aparıcı mütəxəssisləri Roza Arazova və Elmira Muradəliyevanın müəllim haqqında fikirləri təqdim edilmişdir. Dərsin iştirakçıları universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının Süleyman Əliyarlı ilə şahmat matçını seyr edərək, o günlərin xoş təssüratlarını birgə yaşamışlar.
Böyük alimə həsr edilmiş dərsin sonunda Süleyman Əliyarlının öz səsi ilə Xəzər Universiteti haqqında fikirlərini dərs iştirakçılarına təqdim edən Ülviyyə İbrahimova bu dərsdə fəal iştirak edən departamentin əməkdaşlarına – Orxan Zamanova, Zəhra İslamovaya və Kəmalə Mustafayevaya dərin təşəkkürünü bildirmişdir.