Xəzər Universitetinin MBA tələbəsi Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Bakının Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRİTL) təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2014-cü ildə bakalavr təhsilini başa vuraraq, 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2015-cı ildə Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsinin Lahiyələrin idarə edilməsi ixtisası üzrə magistr pilləsinə qəbul olsa da, 2016-cı ildə təhsilini dayandırmışdır. Cavid Həsənov 2011-2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016-2018-cı illərdə SOCAR AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə “EasyDrill” LLC-də qazma mühəndisi vəzifəsində, 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışan Cavid Həsənov ingilis və rus dillərini sərbəst bilirdi. Cavid Həsənovun atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlərdə igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Cavid Həsənov II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!