2020-ci il dekabrın 9-da Xəzər Universitetinin tərəfdaşı olduğu və 2020-ci ilin mart ayında bitmiş Erasmus+ PAWER layihəsinin Azərbaycan Milli Erasmus+ Ofisi tərəfindən təşkil olunmuş növbəti monitorinq görüşü keçirilmişdir. Görüşdə layihənin ölkəmizdən olan digər tərəfdaşı - Bakı Mühəndislik Universitetinin əməkdaşı da iştirak etmişdir. Monitorinq görüşünün keçirilməsində məqsəd layihə bitdikdən sonra tərəfdaş universitetlərdə görülmüş işlər və layihənin davamlılığının necə təmin edildiyinin yoxlanması olmuşdur.
Görüş Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov tərəfindən açılmış və Milli Erasmus+ Ofisi Monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənov tərəfindən idarə olunmuşdur. Hər iki universitetin əməkdaşları layihə ilə bağlı verilmiş sualları cavablandıraraq, mart ayından sonra layihənin davamlılığının təmin olunması üçün görülmüş işləri və Covid-19 pandemiyasının yaranması səbəbilə ortaya çıxan maneələrin bəzi işlərdə gecikmələr yaratdığını, lakin bu çətinliklərə baxmayaraq layihənin universitet və tələbələr üçün əhəmiyyətini, gələcəkdə görüləcək işlər haqqındakı məlumatları monitorinq üzvlərinin nəzərinə çatdırmışlar. Bundan əlavə, layihə tərəfdaşları layihə çərçivəsində hazırlanmış sənədlərin, görülmüş işlər haqqında hesabatların layihə koordinatoruna göndərildiyi və koordinatorun da öz növbəsində bütün hesabatları yüksək dəyərləndirərək layihənin saytında yerləşdirilməsi haqqında da məlumat vermişlər.
Milli Erasmus+ Ofisinin rəhbərliyi layihənin davamlılığı üçün indiyə qədər görülmüş işləri qənaətbəxş hesab etmiş və aparılmış müzakirələrdən yeni layihə ideyalarının yaranmasını da müsbət dəyərləndirmişdir.
Qeyd edək ki, monitorinq görüşündə Xəzər Universitetini İnkişaf mərkəzinin direktoru və əməkdaşları təmsil etmişlər.