Noyabrın 13-də Xəzər Universitetinin tərəfdaşı olduğu və 2020-ci ilin aprel ayında sona çatmış “Universitetdə miqrasiya işinin təşviqi” Erasmus+ (PROMİG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində növbəti monitorinq görüşü keçirilmişdir. Milli Erasmus+ Ofisi tərəfindən təşkil olunmuş görüşdə layihənin Azərbaycandan olan digər tərəfdaşı - Bakı Mühəndislik Universitetinin əməkdaşı da qoşulmuşdur.
Layihənin monitorinqində Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov və İnkişaf Mərkəzinin əməkdaşı Ülkər Bayramova iştirak etmişlər.
Görüş Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov tərəfindən açılmış və Milli Erasmus+ Ofisinin Monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənov tərəfindən idarə olunmuşdur. Hər iki universitetin əməkdaşları layihənin son aylarında görülmüş işlər, layihə çərçivəsində alınmış avadanlıq və kitablar, layihənin son Dehli görüşündə keçirilmiş təlimlər, Əfqanıstan universitetlərində açılmış miqrasiya proqramları, təlimdə iştirak etmiş universitet əməkdaşları və həmçinin tələbələrin əldə etdiyi nailiyyətlər haqqında məlumat vermişlər. Bundan əlavə, layihə tərəfdaşları Milli Erasmus+ Ofis tərəfindənverilən sualları cavablandırmış və layihənin bitməsinə baxmayaraq, layihənin davamlılığı üçün nəzərdə tutulan planların yerinə yetirilməsi məsələlərini müzakirə etmişlər.
Milli Erasmus+ Ofisinin rəhbərliyi layihə bitdikdən sonra görülmüş işləri qənaətbəxş hesab etmiş, layihə bitdikdən sonra da davamlılığın vacib olduğunu qeyd etmiş və bu istiqamətdə görüləcək işlərin layihə nəticələrinin möhkəmlənməsində böyük rol oynayacağını bildirmişdir.