Noyabrın 4-də Xəzər Universitetinin tərəfdaşı olduğu “21-ci əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli” Erasmus+ (UNİLAB, 610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində növbəti monitorinq görüşü keçirilmişdir.
Monitorinq görüşündə Xəzər Universitetindən İnkişaf mərkəzinin direktoru və həmçinin layihənin meneceri Raziyə İsayeva və layihənin icraçısı Ülkər Bayramova iştirak etmişlər. Milli Erasmus+ Ofisi tərəfindən Zoom proqramı vasitəsilə təşkil olunmuş virtual görüşdə layihənin Azərbaycandan olan digər tərəfdaşı - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları da qoşulmuşdur.
Görüş Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov tərəfindən açılmış və Milli Erasmus+ Ofisinin Monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənov tərəfindən idarə olunmuşdur.
Hər iki universitetin əməkdaşları son yeddi ay ərzində layihədə yerinə yetirilmiş işlər, həyata keçirilmiş tədbirlər, layihələrin qeydiyyatdan keçirilməsi məsələləri və Covid-19 səbəbindən gejikmiş fəaliyyətlər haqqında məlumat vermişlər. Bundan əlavə, layihə tərəfdaşları verilən sualları cavablandırmış və 2020-ci ilin sonuna qədər layihədə nəzərdə tutulmuş işlər haqqında məlumat vermişlər.
Milli Erasmus+ Ofisinin rəhbərliyi layihə çərçivəsində indiyə qədər görülmüş işləri qənaətbəxş hesab etmiş və layihənin gələcək işlərində tərəfdaşlara uğurlar arzulamışlar.