Oktyabrın 26-da Xəzər Universiteti Elmi şurasının yeni dərs ilində ilk iclası keçirildi. Universitetin rektoru dosent İradə Xəlilova iclası açaraq, gündəlikdəki ilk məsələ kimi biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifovanın Elmi Şuranın katibi seçilməsi təklifini verdi. Şura üzvləri təklifə müsbət münasibət bildirərək dəstəklədilər.
Gündəlikdəki ikinci məsələ ilə bağlı Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan əvəzi Fəxrəndə Əlimərdanova və İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədovun təqdimatı əsasında universiteti bitirən məzunlar haqqında məlumatlar şura üzvlərinə təqdim edildi.
İngilis dili və ədəbiyyatı departamentinin magistrantlarının dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi ilə bağlı üçüncü məsələ şura üzvlərinin nəzərinə departament müdiri Dr. Bahman Amaninin təqdimatı əsasında çatdırıldı. Doktorant və dissertantların dissertasiya mövzusu, elmi rəhbərlərinin təsdiqi, ixtisaslarının və təhsil formasının dəyişdirilməsi ilə əlaqədar dördüncü məsələ isə müzakirəyə Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova tərəfindən təqdim edildi.
Gündəliyin “Baytarlıq epidemiologiyasının əsasları" adlı dərs vəsaitinin dərc olunması ilə bağlı beşinci məsələsənin müzakirəsi ilə əlaqədar müəllif-aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ömərov vəsaitin yazılmasında əsas məqsəd, əhatə etdiyi mövzular, vəsaitə verilən rəylər və s. haqqında məlumatı şura üzvlərinin nəzərinə çatdırdı.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
Cari məsələlərin müzakirəsində pandemiya və fövqəladə vəziyyət zamanı tədrisin təşkili ilə əlaqədar təkliflər irəli sürüldü və onların ümumiləşdirilərək yenidən müzakirəyə təqdim olunmasına qərar verildi.