Xəzər Universiteti dünyanın 30-dan çox ölkəsində tərəfdaş olduğu 60-dan çox universitetinə, o cümlədən Bolonya Universiteti (İtaliya), Kaliforniya Dövlət Universiteti (ABŞ), Döshisha Universiteti (Yaponiya), Middlesex Universiteti (İngiltərə), Montpellier Universiteti (Fransa), Ballarat Universiteti (Avstraliya), Niderland Biznes Akademiyası (Niderland), Varşava İqtisadiyyat Universiteti (Polşa), Hallym Universiteti (Cənubi Koreya), Babes-Bolyai Universiteti (Rumıniya), Varna Menecment Universiteti (Bolqarıstan) və digər universitetlərə Azərbaycanın öz torpaqlarını Ermənistan ordusunun işğalından azad etmək uğrunda apardığı Vətən müharibəsi ilə əlaqədar müraciət ünvanlamışdır.
Müraciətdə qeyd olunur ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan ordu yeridərək Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ətrafindakı 7 rayonla birlikdə işğal etmiş, qondarma “Dağlıq Qarabağ Respublikası” yaratmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi dörd qətnamə sonrakı illərdə icrasız qalmışdır. ATƏT-in ABŞ, Fransa və Rusiyadan ibarət yaratdığı Minsk qrupu da ötən 28 il ərzində həmin qərarların icrasına nail olmamış, yaxud buna səy göstərməmişdir. Havadarlarına arxalanan Ermənistan bu ilin iyul ayından başlayaraq Azərbaycanın yeni torpaqlarını zəbt etmək üçün döyüşlərə başlamış, lakin Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə geri oturdularaq, Azərbaycanın işğal olunmuş torpaqlarının artıq müəyyən hissəsi düşməndən azad edilmişdir.
Müraciətdə o da qeyd olunur ki, Ermənistan müvafiq beynəlxalq konvensiyaları cinayətkarcasına pozaraq, Azərbaycanın döyüş bölgələrindən uzaqda yerləşən şəhər və kəndlərinə bomba və raket atəşləri yağdıraraq, mülki əhalinin – ahılların, qadın və uşaqların qətlə yetirilməsinə səbəb olur.
Müraciətin sonunda Azərbaycanın ədalətli mübarizəsini, haqq işini dəstəkləmək çağırışı ifadə olunur.