Oktyabrın 15-16-da Təbiət elmləri və mühəndislik fakültəsində 1-ci kurs tələbələri ilə tanışlıq görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor dosent İsaxan İsaxanlı, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan əvəzi Dr. Fəxrəndə Əlimərdanova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, departament müdirləri, müəllim heyəti və fakültə əməkdaşları iştirak edirdilər.
İlk öncə tələbələrə Xəzər Universiteti haqqında qısa film nümayiş etdirildi. Sonra rektor dosent İradə Xəlilova tələbələri təbrik edərək, universitet haqqında ətraflı məlumat verdi. Prorektor dosent İsaxan İsaxanlı tələbələrə Xəzər Universitetini seçməklə çox doğru seçim etdiklərini bildirdi, universitetin beynəlxalq təşkilatlarla əməkdaşlığı, həmçinin Mübadilə proqramı çərçivəsində təhsil almaq imkanları haqqında danışdı. Dr. Fəxrəndə Əlimərdanova tələbələrə ixtisaslara uyğun tədris proqramları barədə geniş məlumat verdi. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli universitet daxili nizam-intizam qaydalarını tələbələrin diqqətinə çatdırdı.
Eyni zamanda, Fizika və Elektronika departamentinin müdiri dosent Nuru Səfərov, Həyat elmləri departamentinin müdiri Dr. Asəf Ömərov, Riyaziyyat departamentinin müdiri Dr. Əli Hüseynli və İnşaat mühəndisliyi departamentinin koordinatoru dosent Rasim Bayramlı tələbələri təbrik edərək, onlara uğurlar arzuladılar.
Sonda fakültənin dekan müavini Vəfa Aslanova tələbələrə dərs cədvəlini izah etdi, imtahan və nizam-intizam qaydalarını əks etdirən kitabçalar payladı.