2020-ci il sentyabrın 22-si və 23-də Barselonanın Pompeu Fabra Universitetində Unilab layihəsi çərçivəsində virtual təlimlər keçirildi. Zoom proqramı vasitəsilə keçirilən təlimlərdə Xəzər Universitetindən fakültə üzvləri və tələbələr iştirak edirdilər.
Təlimin ilk günü Pompeu Fabra Universitetinin dekanı Oriol Amatın və EUCEN-in icraçı direktoru Carme Royo-nun salamlaması ilə başladı. Görüşün ilk hissəsində məruzəçilər universitetlərdəki karyera mərkəzlərinin rolundan danışdı. Daha sonra “Grupo Planeta” və “EY Spain Talent Attraction and Acquisition” şirkət nümayəndələri işəgötürənlərin rolundan bəhs etdilər. Aparılan müzakirələrdən sonra qruplar şəklində vorkşop keçirildi və dinləyicilər gün ərzində qazanılan təcrübələrini bölüşdülər. Təlimin ilk günü Carme Royo-nun bağlanış nitqi ilə yekunlaşdı.
Virtual görüşün 2-ci günü UPF-BSM-in dekan müavini Ramon Bastida-nın çıxışı ilə başladı. Növbəti mərhələdə söz tələbələrə verildi. Tələbələr öz təcrübələrini dinləyicilərlə bölüşdülər və verilən sualları cavablandırdılar. Nahar fasiləsindən sonra vorkşopun 2-ci günündə yenidən qruplarla iş oldu və İspaniya, Rusiya, Avstriya, Fransa və Azərbaycandan olan tərəfdaş universitetlər verilən sualları müzakirə edərək, cavablandırdılar. Növbəti mərhələdə Carme Royo layihənin görüləcək işlərindən bəhs etdi. İki günlük təlim Ramon Bastida-nın çıxışı ilə yekunlaşdı.