Məlum olduğu kimi, 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minəcək. Bu qanuna əsasən kommersiya, həmçinin, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb olunur (Maddə 3.2).
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2020-ci il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilmiş, 2020-ci il fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.
3 mart 2020-ci il tarixli Mediasiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edildi.
Cari il mayın 27-dan iyunun 6-na və avqustun 4-dən 13-nə kimi isə Ədliyyə Akademiyasının mediasiya təlimi qurumu tərəfindən mediatorların ilkin hazırlıq kursları təşkil edildi. Kurs bu sahədə dərin təcrübələri olan beynəlxalq mediatorlar Ruslan Mirzəyev və Konstantin Adi-Qavrila tərəfindən keçirildi.
İntensiv keçirilən bu təlimlərdə Xəzər universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova da iştirak edərək və imtahanı müvəffəqiyyətlə verərək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbini yerinə yetirdi və sertifikat almağa haqq qazandı (Maddə 14.2). Bu sənədə əsasən o, Mediasiya Şurasının reyestrində rəsmi qeydiyyatdan keçiriləcək.
Sevindirici haldır ki, Xəzər Universitetinin tərəfdaşı olduğu Erasmus+ KA2 layihəsi “Mediasiya: Təlim və ictimai transformasiya (MEDIATS)” layihəsi ölkəmizdə də tətbiq olunacaq və bu prosesə öz töhvəsini verəcək.