2020-cil martın 2-dən iyulun 19-dək British Concil Birləşmiş Krallığın London Metropolitan Universiteti ilə birlikdə Cənubi Qafqaz ölkələri, Mərkəzi Asiya və Ukraynada Creative Spark Big İdea müsabiqəsi keçirdi. Müsabiqəyə 110 ali təhsil müəssisəsindən və yaradıcı institutlardan 500-ə qədər biznes ideyası qəbul olunmuşdu.
Müsabiqə 18-35 yaş arası gənclərə biznes ideyaları və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradırdı. Platforma, həmçinin, gənclərin işsizliyinin narahatlıq doğurduğu və Covid-19 pandemiyasının dünya iqtisadiyyatına zərbə vurduğu bir vaxtda onlara öz profillərini inkişaf etdirməsinə və karyera imkanlarını artırmasına dəstək göstərirdi. Gənc sahibkarlar üç kateqoriya üzrə yarışırdılar: rəqəmsal texnologiya, sosial təsir və yaradıcılıq.
Müsabiqədə Xəzər Universitetinin tələbələri də iştirak edirdilər. İqtisadiyyat və menecment fakültəsinin turizm və otel idarəetməsi ixtisası üzrə 3-cü kurs tələbələri –Aytən Hacıyeva, Həsən Səfərəliyev, Miryaqub Babayev G2G Hotel (oyun sevənlər üçün “oyundan oyuna oteli”) ideyası ilə və Təbiət elmləri və mühəndislik fakültəsinin kompüter elmləri ixtisası üzrə 3-cü kurs tələbələri –Zaman Kərimov və Elnur Vəlixanlı “Mealman” (Restorana çatmamış yeməyini sifariş et!) ideyası ilə qalib oldular.
Qeyd edək ki, qaliblər biznes təhsili və yaradıcılıq üzrə təcrübəli yerli və xarici münsiflər tərəfindən seçilmişdir. 50.000-dən çox insan isə “İnsanların seçimi” üzrə öz sevimli ideyasını seçmək üçün qaliblərə səs vermişdir.