Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin 7“A” sinif şagirdi Rüstəm Hüseynlinin valideyni Xumar Hüseynova məktəbin rəhbərliyinə məktub göndərmişdir.
Məktubun mətni belədir:
Artıq 2019-2020-ci tədris ili başa çatdı və gözlənilməz hadisələrin baş verdiyi bir ilin sonunda ailəmizi təsirləndirən, qürurlandıran və duyğulandıran bir məktəb kollektivinin inanılmaz fəadakarlığına görə, Sizlərə təşəkkür etməyi özümüzə böyük borc bildik.
Bu 7 il ərzində “Dünya” məktəbində gözəl anlar yaşadıq, həsəd aparılacaq bir sistemdə təhsil aldıq, inkişaf etdik və böyüdük. İllər keçəcək və bizim övladımız məktəb illərini xatırlayıb: “Nə bəxtəvər olmuşam”, –deyəcək. “Oğlumuz “Dünya” məktəbində oxuyur”, –deyəndə, mən həmişə ürəyimdə:“ Nağıl məktəbdə oxuyur”, –deyə düşünmüşəm.
Son aylarda yaşadığımız çətinliklər zamanı məktəbin fəaliyyəti övladının təhsilini həyatının ən əhəmiyyətli məqsədi hesab edən valideynləri –bizi heyran etdi. Bir neçə günün içində ağlasığmaz çevikliklə, mütəşəkkil şəkildə və sistemli olaraq, məktəb məsafədən təhsilə keçdi. Necə peşəkarlıqla uşaqlar və valideynlər məlumatlandırıldılar və təlimləndirildilər! Uşaqlar necə həvəsləndirildilər! Müəllimlər və valideynlər necə səfərbər oldular! Ən əsası, bütün bu işlərdə dərsin keyfiyyəti necə yüksək səviyyədə saxlanıldı! İnanılmazdır!!!
Məktəb, şagird və valideyn münasibətlərinin sağlamlığı, müəllimlər və şagirdlər arasındakı qarşılıqlı hörmət və sevgi, FƏDAKAR müəllimlər və pedaqoji heyət möcüzələr yaratdı. Biz övladımızda məktəbə böyük sevgi ilə yanaşı, bir əsgər intizamını müşahidə etdik bu dövrdə.
Yorulmayasınız! Var olasınız! Nə bəxtəvər ki, övladımıza belə bir məktəbdə oxumaq nəsib olub!
Xumar Hüseynova,
7 “A” sinif şagirdi Rüstəm Hüseynlinin valideyni