Xəzər Universitetinin Həyat elmləri departamenti və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu birgə elmi layihələrinə start vermişlər. Öncə “Azərbaycanın cənub bölgəsində iribuynuzlu heyvanların nodulyar dermatit virusu”nun tədqiqatından başlanılmışdır. Araşdırmanın əsas məqsədi iri buynuzlu heyvanların qanında nodulyar dermatit virusunun spesifik anticisimlərini monitorinq etmək, peyvənddən öncə və sonra heyvanlar arasında immun gərginliyi araşdırmaq, həmçinin, buğumayaqlılarda (gənə və ağcaqanadlar) xəstəliyin törədicisini molekulyar bioloji üsullarla təyin etməkdir. Layihə çərçivəsində tutulmuş ağcaqanad və toplanılmış gənələrdə xəstəliyin törədicisi öyrənilməklə bərabər, adı keçən buğumayaqlılar morfometrik olaraq, növ və cinsə görə identifikasiya ediləcəkdir. Xatırladaq ki, nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla, əsasən yaz-yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və buğumayaqlılardır. Xəstəliyin baş verdiyi ilk dövrlərdə naxırın 5-50%-i, ayrı-ayrı hallarda isə 75-100%-i virusa yoluxa bilər.