Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xarici ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqənin nəticəsi elan olunmuşdur.
Müsabiqənin qaydalarına görə, proqram iştirakçısı ölkədə fəaliyyət göstərən və müvafiq ixtisas sahələrində kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinə müraciət etməli və təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb olunmasına razılığı təsdiq edən məktub əldə etməlidir. Bu məqsədlə, Xəzər Universitetinə 12 nəfər namizəd müraciət etmiş, rəhbərlik tərəfindən onların tədqiqat sahələri və planları ilə tanışlıq, habelə, ixtisas uyğunluğunun dəqiqləşdirilməsi məqsədilə görüşlər keçirilmiş və təhsilləri başa çatdıqdan sonra universitetdə pedaqoji fəaliyyətə cəlb olunmalarına razılığı təsdiq edən məktub təqdim olunmuşdur.
Müraciət edən namizədlərin 6 nəfəri müsabiqədən uğurla keçmişdir. Belə ki, müsabiqənin nəticəsinə uyğun olaraq, İnci Şıxəliyevanın Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində “Molekulyar biologiya və genetika”, Aygün Azadovanın Birləşmiş Krallığın Essex Universitetində “Molekulyar tibb”, Güllər Qədiməliyevanın Almaniyanın Bonn Universitetində “Genetika”, Günay Kazımzadənin Berlin Texniki Universitetində “Kompüter elmləri”, Yusif Əfəndizadənin Paris Universitetində “Kimya”, Kənan Məmmədhəsənovun isə Sankt-Peterburq Dövlət Universitetində “Fizika və astronomiya” ixtisası üzrə doktorantura təhsili dövlət tərəfindən maliyyələşdiriləcəkdir.
Xəzər Universiteti, Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən universitet proqram iştirakçılarının təhsil aldıqları müddətdə ildə azı bir dəfə mühazirələrini təşkil edəcək, habelə, onlar müvafiq ixtisaslar üzrə kurrikulumların hazırlanması, elmi tədqiqatların aparılması və birgə məqalələrin yazılması işlərinə cəlb olunacaqlar.
Bütün qalibləri Xəzər Universitetinin əməkdaşları adından təbrik edir və təhsillərində müvəffəqiyyətlər arzulayırıq!