Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin (bax: Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin Qərarı) üzvü olan tələbələrin iki tədris semestri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında qərar qəbul edilmişdir.
Qaydalara əsasən, həssas qrupdan olan tələbələr üçün illik təhsil haqqı xərci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərcləri miqdarında, dövlət tərəfindən ödəniləcək. Təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək. Qeyd edək ki, bu qrupa aid edilən tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"-nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyən ediləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.