2020-cu il fevralın 23-29-da İvana Cavaxişvili Tbilisi Dövlət Universitetinin koordinatoru olduğu “Universitetdə miqrasiya təhsilinin təşviqi” ERASMUS+ (PROMIG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində Hindistanın Dehli şəhərində layihənin növbəti qış məktəbi və həmçinin də yekun görüşü keçirilmişdir. Görüşdə Xəzər Universitetindən Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov və fakültənin MBA tələbələri Leyla İsgəndərova və Tural Müslümzadə iştirak etmişlər.
Tədbirdə WUZ Avstriya təşkilatının nümayəndəsi, Bakı Mühəndislik Universiteti, Oldenburq Universiteti (Almaniya), Əfqanıstanın Tabeş və Kabil universitetləri və Gürcüstan universitetlərinin müəllim və tələbələri iştirak etmişlər.
Görüş müddətində təlimçilər və tələbələr nəzərdə tutulmuş qış məktəbinin proqramını yerinə yetirmiş və həmçinin Dehli Universitetinin Qızlar Kollecində olmuşlar. Bundan əlavə, layihədə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunmuş və təqdimatlar dinlənilmişdir. Layihə koordinatoru Dr. Nino Parsadanişvili layihədən əldə olunan nəticələri təqdim etmiş, layihənin həyata keçirilməsində yaranan problemlərə baxmayaraq uğurla nəticələndiyini bildirərək, iştirakçılara sertifikat təqdim etmişdir.