Əziz həmkarlar!
Hal-hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar müvəqqəti olaraq, qeyri-adi bir həyat rejiminə keçmişik. Bu günə olan məlumata görə dünya üzrə yarım milyondan çox insan bu xəstəliyə tutulmuş və 26 mindən çox insan həyatını itirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun “səhiyyədə qlobal fövqəladə hal” (pandemiya) kimi olduğunu vurğulamışdır. Əgər əvvəllər qlobal yayılan infeksion xəstəliklərin tarixinə nəzər salsaq, qeyd edilən rəqəmlər çox aşağıdır. Lakin bu rəqəmlər hər gün artır və artan pandemiya halının qarşısının vaxtında alınması bizim öz əlimizdədir. Xəstəliyin yayılma zəncirinin qırılması üçün evdə qalmaq, xəstəliyin ilkin əlamətlərini hiss etdikdə isə özünü karantində saxlamaq və ÜST-ün təlimatlarına əməl etmək vacibdir.
Azərbaycan Respublikası Nazirlər kabineti infeksiyanın qarşısını almaq məqsədilə insanların evdə qalmaları haqqında bir neçə qərar çıxarmışdır (https://cabmin.gov.az/az/article/747/).
Azərbaycan Respublikası Təhsil Nazirliyi təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə “Microsoft Teams” platformasından istifadə olunmasını təklif etmişdir.
Yaz tətilinə çıxmamışdan əvvəl artıq Xəzər Universitetinin bir neçə müəllimi “Skype”, “Zoom”proqramlarından və “Microsoft Teams” platformasından istifadə etməyə başlamışdır.
Fakültələr artıq “Microsoft Teams” platforması ilə siniflər təşkil edərək, müəllimlərə təqdim etmişdir. Burada vəziyyətin belə olması nəzərdə tutulur:
Mart ayının 23-də Universitetin bütün idarə heyəti görüş keçirərək, hal-hazırdakı durumu qiymətləndirmiş, təlim-tədris prosesinin məsafədən keyfiyyətli təşkili (semestrin müddəti, testlər və imtahanların keçirilməsi üsulları, onların vaxtlarının müəyyən edilməsi, dərslərin monitorinqi və statistik məlumatların toplanması və s.) haqqında universitetin yeni fəaliyyət planının hazırlanması məqsədini qarşıya qoymuşdur. Bu təkliflər tezliklə hazırlanıb, sizə təqdim olunacaqdır.
Digər məsələlər:
Beynəlxalq tələbə qəbulu 25 dekabr 2019-cu il tarixində başlanılmış və son tarix (15 aprel 2020-ci il) uzadılaraq, 15 may 2020-ci il tarixinə təyin edilir.
Yeni işçilərin işə qəbulu prosesi, bir qayda olaraq, işə qəbul komissiası tərəfindən aparılır. İş üçün müraciət edən şəxslər CV-ni job@khazar.org adresinə yönəltməlidirlər. Hal-hazırkı vəziyyəti nəzərə alaraq, yalnız prioritet vəzəfələrə müraciət edənlərə üstünlük veriləcəkdir. Digər vəzifələrə qəbul haqqında məlumat isə hazırkı vəziyyətdən asılı olaraq veriləcəkdir.
Bildiyiniz kimi, Xəzər Universiteti təlim-tədris prosesinin keyfiyyətli aparılmasına, həmçinin universitet işçilərinin və tələbələrin sağlamlığına böyük həssaslıqla yanaşır. Bunun üçün xahiş olunur ki, evdə qalaraq səhhətinizə diqqət yetirin, evdən işləyin, bir birinizdən xəbər tutun və hər hansı sualınız yaranarsa, aidiyyəti olan şəxslərdən soruşun.
Özünüzdən və əzizlərinizdən muğayat olun.
Dosent İradə Xəlilova
Rektor