2019-cu il noyabrın 13-dən Xəzər Universitetinin təşkilatçılığı ilə “Potensial məktəb direktorları XI” kursunun təlimləri keçirilir. Kurs müddətində Təhsilin idarəolunması, Maliyyə, Statistika, Qanunvericilik, Təhsil hüququ və IKT fənləri üzrə təlimlər keçirilmişdir. Kursu Humanitar, Sosial elmlər və Təhsil fakültəsinin dekanı dos. Elza Səmədova, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və digər fənlər üzrə peşəkar müəllimlər tədris etdilər. Təlim müddətində ölkəmizin müxtəlif bölgələrindən gələn və direktor müavinləri müasir dövrdə qloballaşan dünya təhsilinin və təhsil müəssisələrində idarəetmə biliklərinin dərin məqamları ilə tanış olmuş, təhsilin inkişaf və tətbiq olunma üsullarını ən son metodlar ilə öyrənmişlərdir.
12 fevral 2020-ci il tarixində kurs müdavimləri layihə rəhbəri İnkişaf mərkəzinin direktoru Raziyə İsayevanın təşəbbüsü ilə Xəzər Universiteti “Dünya məktəbi”nin direktor və müəllim heyəti ilə görüş təşkil olundu. Görüşdə “Dünya məktəbi”nin yaranması, strategiya və məqsədləri haqqında təqdimat nümayiş olundu.
Təqdimatda Raziyə İsayeva məktəbin inkişaf yolundan, əldə etdiyi uğurlardan, təhsil sistemində istifadə etdikləri metod və üsullardan, şagirdlərin inkişaf yolundan və məktəbin 20 illik təcrübəsində danışdı. Təqdimat zamanı müdavimlər ilə diskussiya təşkil olundu və suallara cavab verildi. Onlar sinif otaqları, laboratoriyalar, şagirdlərin əl işləri olan guşələr, məktəbin divarlarında təsvir olunmuş rəsmlər ilə tanış oldular.
Görüş çay süfrəsi ətrafında davam etdi. Çay süfrəsində təhsil, təhsil idarə olunması və məktəblərdəki problemlər barədə bir sıra mövzular müzakirə olundu. Ən sonda isə, müdavimlər, müəllimlər heyəti və layihə rəhbəri ilə xatirə şəkilləri çəkildi.
Potensial məktəb direktorları kursu 2014-cü ildən fəaliyyətə başlayıb, 670 nəfərdən çox məzuna sertifikat vermişdir, onlardan 50 nəfərdən çoxu direktor, direktor müavini təyin olunmuşdur.