2020-ci il martın 10-da Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova “BOS Şelf” MMC-nin dəvəti ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda bir neçə universitetin rektoru ilə şirkətin rəhbərliyi arasında keçirilən işgüzar görüşdə iştirak etdi. Tədbirə dəvət olunan universitetlər hazırda tələbələri “BOS Şelf” MMC-də təcrübə keçən ADNSU, Azərbaycan Texniki Universiteti və Xəzər Universiteti idi.
Tədbirdə “BOS Şelf” MMC-nin direktoru İxtiyar Axundov qonaqları salamlayaraq bildirib ki, hazırda şirkətin fəaliyyətində tam müasir proqramlar icra olunur və ixtisaslı azərbaycanlı kadrların olması çox önəmlidir. Odur ki, azərbaycanlı mütəxəssislər çoxaldıqca “BOS Şelf” MMC və digər böyük şirkətlər mütəxəssis üçün xaricə müraciət etməyəcək və yerli kadrlara üstünlük verəcək.
Universitetlərin rektorları, o cümlədən dosent İradə Xəlilova çıxış edərək, istehsalat müəssisələrinin kadrlarla təmin olunmasında universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü, şirkətlərlə təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildiriblər.
Qeyd edək ki, Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin “BOS Şelf” MMC-də təcrübə keçən dördüncü kurs tələbələri Erziman Zeyfatov və Zamir Xalıqov (mexanika mühəndisliyi ixtisası; fotoda soldan) şirkətin keçirdiyi çox ciddi və gərgin müsabiqədən uğurla çıxaraq, iş dəvəti almışlar.
Tədbir haqqında mektebgushesi.az xəbər yaymışdır: