2020-ci il fevralın 27-dən 29-dək Naxçıvan Dövlət Universitetində PETRA layihəsi çərçivəsində növbəti təlim proqramı baş tutdu. Təlimlərdə Xəzər Universitetinin iki nümayəndəsi –Kitabxana İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli və Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə iştirak etdilər.
Təlimin açılışı NDU-nun rektoru Dos. Elbrus İsayev edərək, yerli və xarici universitetlərdən gələn qonaqlara layihənin əhəmiyyətini və gələcək əməkdaşlıqlar üçün vacibliyini vurğuladı. Təlimin birinci günündə qonaqlar Koreya Təlim Mərkəzində, Distant Təhsil Mərkəzində və ingilis dilinin öyrənilməsində yeni metodların tətbiq olunduğu nümunə dərslərdə iştirak etdilər. İştirakçılar universitet rəhbərliyi tərəfindən Magistratura mərkəzi, Beynəlxalq münasibətlər və Xarici dillər, Baytarlıq, Təbiət elmləri fakültələri və buradakı iş prosesi ilə tanış oldular.
Təlimin ikinci günü isə layihənin idarə heyəti və koordinatorların müzakirəsi ilə başladı. Daha sonra NDU rektoru Dos. Elbrus İsayev, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, xarici tərəfdaşlardan olan Polytechnic University of Valencia-nın və yerli tərəfdaş universitetlərin iştirakı ilə layihənin məqsəd və nəticələrindən biri olan Təlim-Tədris Mərkəzinin açılışı həyata keçirildi.
Təlimin üçüncü günündə isə iştirakçılar Naxçıvan Televiziyasına layihənin əhəmiyyəti və görülən işlər haqqında məlumat verdilər.