“Dünya” İB məktəbi İnciçiçəyi salonunda İB şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Keçmişdən bu günə” adlı tədbir keçirib. Tədbirdə, adından da göründüyü kimi, keçmişimizin və bu günümüzün fonunda bədii kompozisiyalar səhnələşdirilmişdir. Bu zaman, sanki, böyük bir tarixi dönəmə xronoloji baxış təəssüratı yaradılmışdır.
Nizamı Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Koroğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi real tarixi şəxsiyyətlərin, qələm sahiblərinin bədii obrazları vasitəsilə bu gün də aktual olan Ana dili məsələsinə və milli mövzulara toxunulmuşdur.
Tədbir ənənəvi formatda keçirilməmişdir. Aparıcılar Mirzə Cəlil və həyat yoldaşı Həmidə xanım, Azərbaycanın keçmişindən bu gününə kimi tanınan tarixi simalarının fəaliyyətlərini Molla Nəsrəddin üslubunda təqdim etmişlər.