2020-ci il fevralın 20-də Xəzər Universitetinin Həyat elmləri departamentində doktorantların dissertasiya mövzularının və aparılacaq elmi işlərin müzakirəsi keçirildi. İclasda Xəzər Universitetinin rektoru Dr. İradə Xəlilova, magistr, doktorantura və elmi işlər bölməsinin rəhbəri dosent Səidə Şərifova, Həyat elmləri departamentinin rəhbəri Dr.Asəf Ömərov, departamentin dosenti Cavid Ocaqi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, doktorantın elmi rəhbəri, t.ü.f.d. Nigar Mütəlibova, departamentin doktorantları Mujan Serpouş və Mahirə Quliyeva iştirak edirdilər. İclasda departamentin doktorantı Mahirə Quliyeva “Müxtəlif mənbələrdən ayrılmış antibiotiklərə davamlı bakteriyaların biokimyəvi və kultural xüsusiyyətlərinin müqayisəli öyrənilməsi” adlı tədqiqat işinin mövzusunu təqdim etdi. Doktorant mövzunun səhiyyə sahəsi üçün aktuallığını, istifadə edəcəyi metodları əldə edəcəyi nəticələri iştirakçıların nəzərinə çatdırdı. Həyat elmləri departamentinin doktorantının dissertasiya işinin mövzusunun adında bəzi dəyişikliklərdən sonra Xəzər Universitetinin Elmi Şurasına təsdiq üçün çıxarılması tövsiyə edildi.