2020-ci il fevralın 12-də İraqın Azərbaycan Respublikasındakı yeni səfiri cənab Maki Almamori, səfirliyin birinci katibi Dr. Huthaifa Z.Mahmoud və üçüncü katib cənab Zaid M.Abed Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova ilə Xəzər Universitetində görüşdülər. Təşkil olunmuş görüşdə Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Lamiyə Pənahova da iştirak edirdilər.
Görüş ərzində universitet və səfirlik arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi, eləcə də, Xəzər Universitetinin İraqda və İraq vətəndaşları arasında daha çox tanıdılmasının vacibliyi vurğulandı. Səfir İraq tələbələrinin və tədqiqatçılarının Xəzər Universitetində sayının artırılmasının hər iki tərəf üçün səmərəli olacağını qeyd etdi, yaxın gələcəkdə Xəzər Universitetində İraqdan olan tələbələr qrupunun daha da genişlənəcəyinə inandığını ifadə etdi.
Görüşün sonunda tərəflər aralarında qarşılıqlı anlaşmanı gücləndirmək üçün sıx əməkdaşlığın davam etdirilməsinə razılıq verdilər.