Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində fevralın 8-də keçirilən Çin dili fakültativ dərslərində “Çini tanıyaq” mövzusunda açıq dərs təşkil olunub.
Çin dili fakültativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından, həmçinin bu sahədə istedadlı gənclərin yetişdirilməsindən ibarətdir. Çin dili fakültativ dərslərini tədris edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Çinin mədəniyyəti, tarixi, coğrafiyası haqqında məlumat verib.
Məktəblilərə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Azərbaycan dilində ilk “Çin dili” dərs vəsaiti hədiyyə olunub.
Tədbirdə, həmçinin koronavirus epidemiyasının Çində yaratdığı fəsadlardan da danışılıb. Açıq dərsdə ADU-nun çinşünas tələbələrinin Çin xalqı ilə həmrəyliyini ifadə edən “Uxan, biz səninləyik!” adlı videoçarx nümayiş olunub.
Sonda məktəblilər çinli yaşıdlarına dəstək məqsədilə “Çin, möhkəm ol!” adlı videoçarxın çəkilişində iştirak ediblər.