2020-ci il yanvarın 27-dən 31-dək Britaniya Konsulluğu tərəfindən maliyyələşən “Creative Spark” müəssisə layihəsi çərçivəsində Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Dizayn departamentinin koordinatoru Xatirə Hüseynəliyeva, sahibkarlıq fənni üzrə müəllimi Abdulla İsayev və Dizayn departamentinin tələbəsi Telman Əsgərov İngiltərənin Middlesex Universitetinə səfər etdilər. Səfər çərçivəsində Xəzər Universitetinin əməkdaşları məhsuldar görüşlər keçirdilər, dizayn, innovasiya və sahibkarlıq sahəsində mövcud tədris planlarının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi apardılar və Xəzər Universitetinin tələbəsi Middlesex Universitetinin professorlarının həyata keçirdiyi intensiv təlimlərdə iştirak etdi.
Səfərin ilk günü yaradıcılıq, innovasiya, sahibkar düşüncə tərzi və sahibkar psixologiyası mövzuları ətrafında təlimlərə həsr olundu. Eyni zamanda, Xəzər Universitetinin nümayəndələri Middlesex Universitetinin İnformasiya laboratoriyası və bu laboratoriyanın yerləşdirmə modeli ilə tanış oldular. Bundan başqa, tələbələr universitetin Tələbə Əlaqələndirmə komandasının təşkilatçılığı ilə davamlılıq, rifah, araşdırma, müxtəliflik və inklüzivlik kimi mövzuları əhatə edən müxtəlif tədbir və fəaliyyətlərdə iştirak etdilər.
Səfərin ikinci günü isə kreativ incəsənət proqramlarının dizaynı, proqram təsdiqi, kredit transferi və qiymət konvertasiyası ilə əlaqədar müxtəlif aspektlərin müzakirəsi aparıldı və interaktiv dizayn nümunələrinin istifadəsi əsasında tədqiqat, dizayn və yaradıcılıq arasındakı əlaqəlilik mövzusunda fikir mübadiləsi həyata keçirildi. Bununla yanaşı, tələbə “Biznesin planlaşdırılması” adlı mühazirədə iştirak etdi, Middlesex Universiteti tələbələrinin biznes ideyaları ilə tanış oldu və qrup müzakirələrinə cəlb olundu.
Növbəti günlərdə, 2020-ci il yaz semestri ərzində sözügedən layihə çərçivəsində tədrisi nəzərdə tutulan “Dizayn, innovasiya və sahibkarlıq” adlı yeni fənnin dərs planı yaradıldı, dizayn və incəsənət sahəsində tədris planının təkmilləşdirilməsi üçün strategiya müəyyənləşdirildi. Bu fənn dizayn və incəsənət tələbələrinə sahibkarlıq qabiliyyətlərini inkişaf etdirməyə, orjinal ideyalar formalaşdırmağa və Britaniya Konsulluğunun dəstəyi ilə həyata keçirilən “Creative Spark” Ali Təhsil Müəssisə layihəsinin əsasını təşkil edən beynəlxalq “Böyük ideya” video müsabiqəsində iştiraka imkan verən biznes layihələr yaratmağa kömək edəcək. “Böyük idea” müsabiqəsi üçün biznes planların qəbulu və qiymətləndirilməsi 2020-ci ilin aprel və may aylarında aparılacaq və müsabiqədə iştirak müxtəlif ixtisas tələbələri və məzunları üçün açıq olacaq.
Səfər proqramının son günündə Xəzər Universitetinin nümayəndələri “London South Bank” Universitetinin tədqiqat departamentinə səfər etdilər, departament rəhbərliyi ilə görüşlər keçirdilər və Departament və Biznes Həlləri Mərkəzinin fəaliyyəti ilə bağlı geniş təqdimatda iştirak etdilər. Səfər çərçivəsində “London South Bank” Universiteti və Xəzər Universitetinin nümayəndələri qarşılıqlı əməkdaşlıqda maraqlarını ifadə edilər.