2020-ci il yanvarın 30-da Xəzər Universitetinin Həyat elmləri departamentində 2019-cu ilin avqustunda başlamış “Xörək duzunun artan konsentrasiyalı süd məhsullarında E.coli və Salmonella spp-nin yaşama qabiliyyətinin müxtəlif ekspozisiya müddətlərində öyrənilməsi” layihəsi başa çatdı. Layihə 6 ay müddətində davam etdi. Layihə çərçivəsində insanlar üçün patogen olan E.coli və Salmonella spp kulturaları ilə yoluxdurulmuş süd məhsullarında həmin bakteriyaların yaşama qabiliyyəti müxtəlif ekspozisiya və duz məhlulunun fərqli konsentrasiyalarında in vitro şəraitində müqayisəli şəkildə öyrənildi. Layihə Beynəlxalq Epizootik Büro, ISO standartları və ABŞ Klinik Laboratoriya Standartlarına uyğun olaraq aparıldı. Salmonella spp ayırmaq üçün ISO 6579:2002, E.coli-nin izolyasiyası və kulturasiyası ISO 16649-1: 2018 standartlarının tələblərinə uyğun olaraq həyata keçirildi. Layihədən əldə edilmiş natamam nəticələr 2019-cu il noyabrın 25-i və 26-da “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda təqdim edildi. Layihənin tam nəticələrinin “Khazar Journal of Science and Technology” jurnalının 2020 number 1, vol 5 buraxılışında nəşr olunması planlaşdırılır.