2020-ci il yanvarın 29-dan Xəzər Universiteti və Giovani nel Mondo Assosiasiyası arasında rəsmi tərəfdaşlığa start verildi. Tərəfdaşlığın ərsəyə gəlməsi Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin koordinatoru Fəxrəddin Abdullayev və Giovani nel Mondo Assosiasiyasının Beynəlxalq Əlaqələr rəhbəri Maria Luisa Di Fraianın əməyinin nəticəsidir.
Tərəfdaşlığa əsasən Xəzər Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti 2020-ci il martın 7-dən 10-dək Romada keçiriləcək Beynəlxalq Karyera Festivalı-2020-nin layihələrində iştirak edərək, Azərbaycanı təmsil edəcəklər. Tərəfdaşlığın məqsədi birgə fəaliyyətin təşkili, bu layihədə tələbə iştirakının təmin edilməsi, yaxın gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin keçirilməsində tələbələrin iştirakını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, razılaşma tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə ,tələbələr üçün təşkil ediləcək layihələrdə məlumatlandırma və maarifləndirmə fəaliyyətinin, sosial aktivliklərin artırılmasını və gələcək karyera imkanlarının dəyərləndirilməsini əhatə edir.