2020-ci il yanvarın 22-də Xəzər Universitetinin Mərkəz kampusunda birinci kurs tələbələrinin mədəniyyət fənnindən açıq semestr imtahanı oldu. Tədbirdə universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova, Əməkdar incəsənət xadimi, professor, bəstəkar Elnarə Dadaşova, tələbələr və valideynlər iştirak edirdilər.
Departament müdiri Zülfiyyə Sadıqova tədbiri açaraq, imtahan və iştirakçılar haqqında geniş məlumat verdi. Qeyd etdi ki, xor kollektivi, qızlardan ibarət rəqs qrupu, oğlanlardan ibarət rəqs qrupu və vokalçılar imtahan sınağından keçəcəklər.
İmtahan Xəzər Universitetinin himninin səslənməsi ilə başladı. Tələbələr bacarıqlarını nümayiş etdirdilər.
Tədbirdə, həmçinin, bəstəkar Elnarə Dadaşovanın fortepianoda öz müşayiəti ilə romansları Xəzər Universitetinin müəllimi, Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasının solisti Məhsəti Cabbarova və Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev tərəfindən ifa olundu. Xəzər Universitetinin rəqs ansamblı çıxış etdi.
İmtahandan sonra tələbələrin çıxışları qiymətləndirildi.