2019-cu il dekabrın 2-də professor Vüsalə Musalı (Kastamonu Universiteti, Türkiyə) Xəzər Universitetində “Elmi fəaliyyətdə müasir dünya standartları və tələblər” mövzusunda seminar keçirdi. Seminarı Xəzər Universitetinin əməkdaşı Cabir Məmmədli açaraq, professor V.Musalını auditoriyaya təqdim etdi, sonra sözü ona verdi. Vüsalə Musalı öz çıxışında uğurlu rəhbər və mövzu seçimi, yeni tədqiqat metodları, araşdırmaya haradan və nədən başlamalı, milli maraqlara xidmət edən mövzulara maraq, elmi əsərlərlə dünyaya necə çıxmaq olar, elmi məqalələri harada və necə nəşr etdirmək mümkündür, Clarivate Analytics indeksi (SSCI) humanitar elmlər üçün gözlənilən təhlükələri, simpozium, konfrans, panel və seminarların əhəmiyyəti, akademik CV-lərin hazırlanması və s. mövzuları əhatə edən təqdimatla çıxış etdi. Sonra seminar iştirakçıları məruzəçiyə öz suallarını verdilər.
Seminarda Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, universitetin müəllim və doktorantları ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı da iştirak edirdi.
Sonda Vüsalə Musalı Xəzər Universitetinə və seminar iştirakçılarına təşəkkürünü bildirdi.