2019-cu il noyabrın 29-da Xəzər Universitetinin Mədəniyyət Mərkəzində universitetdə Avropa Komissiyasının keçirdiyi institusional monitorinqin yekunlarına həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda universitetin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.
Yığıncağı universitetin rektoru dosent İradə Xəlilova açaraq, monitorinqlə əlaqədar hazırlıq işlərinin və keçirilməsinin universitetin müvafiq qurumları tərəfindən yüksək səviyyədə aparıldığını, Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinin icrasının Avropa Komissiyasının nümayəndələri tərəfindən yüksək rəy aldığını qeyd etdi. Rektor layihələrin icrasına ümumi rəhbərlik edən universitetin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevanın əməyini xüsusilə vurğuladı və ona təşəkkürnamə təqdim etdi.
Raziyə İsayeva çıxışında bütün komandanın uğurla fəaliyyət göstərdiyini qeyd etdi və təşəkkürnaməyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbir çay süfrəsi ətrafında davam etdi.