2019-cu il noyabrın 26-da Xəzər Universitetində Avropa Komissiyasının institusional monitorinqi başladı. Monitorinq Avropa Komissiyasından və Milli Erasmus ofisindən gələn nümayəndələr tərəfindən həyata keçirildi. Günün birinci yarısında monitorinq nümayəndələri Xəzər Universitetinin rəhbərliyi ilə görüşdülər, layihələr haqqında ümumi müzakirələr apardılar və bundan sonra layihələrin monitorinqinə start verildi.
Qeyd edək ki, institusional monitorinqdə indiyə qədər Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış oldu. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri, hazırda davam edən layihələrin mövcud vəziyyəti, yeni yazılmış layihələrin isə gələcək planları haqqında məlumat verdilər. Bu layihələr çərçivəsində əldə edilmiş avadanlıqlara, yaradılmış mərkəzlərə xüsusi baxış keçirildi.
Əlavə olaraq, Avropa Komissiyasından və Milli Erasmus Ofisindən gələn nümayəndələr universitet rəhbərliyi və universitetdə fəaliyyət göstərən bəzi ofis və mərkəzlərin nümayəndələri ilə görüşlər keçirərək, gələcək əməkdaşlıq haqda müzakirələr apardılar. Maliyyə departamenti ilə görüş keçirildi, Erasmus+ layihələrinin maddi tərəfi də monitorinqdən uğurla keçdi. Beynəlxalq Əlaqələr Ofisi ilə olan xüsusi görüşdə isə Xəzər Universitetində olan xarici tələbələrin ümumi vəziyyəti və beynəlxalq mübadilə proqramları haqda müzakirələr aparıldı.
Monitorinq 2019-cu il noyabrın 27-də işini davam etdirdi. Günün ilk yarısında qalan layihələrin təqdimatları layihə rəhbərləri tərəfindən aparıldı və qonaqlarla birlikdə müzakirələr aparıldı.
Ardınca nümayəndələr daha əvvəlcə mübadilə proqramlarında iştirak etmiş xarici və yerli tələbələrlə, eləcə də, müəllimlərlə görüşdülər, onların təcrübələri haqda məlumat topladılar və nələrin inkişafa ehtiyacı olduğuna dair müzakirələr apardılar.
Günün ikinci yarısında nümayəndələr Erasmus+ proqramı tərəfindən maliyyələşərək, formalaşmış mərkəzlərə, ofislərə və araşdırma institutlarına baxış keçirdilər və onların fəaliyyətin davamlılığını yoxladılar.
Günün sonunda Avropa Komissiyasından və Milli Erasmus Ofisindən olan qonaqlar Xəzər Universitetinin administrativ işçilərinə iki günlük qonaqpərvərliyinə görə təşəkkür etdilər və eləcə də, monitorinqlə bağlı müsbət rəylər bildirdilər.