2019-cu il noyabrın 18-dən 22-dək Sankt-Peterburqda Avrasiya arxeologiyası patriarxı Vadim Mixayloviç Massonun 90 illik yubileyinə həsr olunmuş “Avrasiya Mədəni Məkanında münasibətlər və qarşılıqlı münasibətlər kontekstində Şərqi Avropa, Orta Asiya və Cənubi Sibir antikaları (yeni məlumatlar və anlayışlar)” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfransda Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin əməkdaşı dosent Roza Arazova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundov və institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov iştirak edirdilər.
Görkəmli alim, Orta Asiyanın qədim sivilizasiyalarını tədqiq edən V.Masson həmişə Azərbaycan alimləri ilə sıx əlaqədə olmuşdur. O, bir neçə dəfə Azərbaycanda olmuş, simpoziumlarda və konfranslarda iştirak etmiş, Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutu və onun rəhbərlik etdiyi Orta Asiya və Qafqaz Bölməsi (1981-1992) Azərbaycan arxeoloqlarının yetişdirilməsi üçün bir növ məktəb olmuşdur. Azərbaycanlı tədqiqatçılar və aspirantlar çöl tədqiqat metodlarını mənimsəmək və iş təcrübəsi qazanmaq üçün məşhur Ceytun və Altıntepa abidələrində aparılan arxeoloji ekspedisiyalarda (qazıntılarda) iştirak etmişlər.
V.M.Masson və onun həyat yoldaşı, görkəmli arxeoloq-trasoloq G.F.Korobkova dəfələrlə Azərbaycan arxeoloqlarının bir sıra tədqiqat işlərinin, xüsusən də, bu konfransın iştirakçısının elmi dissertasiyasının rəyçisi və rəhbəri olmuşdur.
Konfransın açılışı və işi Dövlət Ermitajında və Rusiya Elmlər Akademiyası Maddi Mədəniyyət Tarixi İnstitutunda baş tutdu. Konfransda Rusiya, Türkmənistan, Gürcüstan, Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İran, Fransa və digər ölkələrdən olan alimlərin bir çox məruzəsi dinlənildi.
Konfrans iştirakçılarına boş vaxtlarında Dövlət Ermitajının və Antropologiya və Etnoqrafiya Muzeyinin salonlarını ziyarət etmək imkanı verildi.
Beynəlxalq Elmi Konfransın materialları dərc edilmişdir.