2019-cu il noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi oldu.
Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən “XTNS. “Azərbaycan” pavilyonu. 1939-2019” adlı kitab nəşr olunmuşdur (rus dilində. “ВДНХ. Павильон “Азербайджан”. 1939-2019”. Баку, 2019, 199 стр.). Kitabın hazırlanması və nəşri üzrə layihənin rəhbəri Anar Ələkbərov, koordinatoru Ülviyə Qasımova, məsləhətçi Rəşad Kərimovdur.
Kitabın mətninin müəllifi Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur. Azərbaycan və Rusiya arxivlərinin, eləcə də, mövcud elmi ədəbiyyat əsasında yazılmış kitabda XTNS-dakı “Azərbaycan” pavilyonunun 1939-cu ildən keçildiyi bütün tarix əks olunmuşdur. Burada, həmçinin, pavilyonun Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş kompleks bərpa işlərinin mərhələləri, eləcə də, pavilyonun müasir görünüşünü əks etdirən fotoşəkillər yer almışdır.
Kitab noyabrın 23-də əsaslı bərpa və təmirdən sonra “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak etmiş bütün qonaqlara hədiyyə edilmişdir.
Qeyd etmək lazımdır ki, Moskva şəhərində ezamiyyətdə olmuş S.Əhmədov pavilyonda qurulmuş və Azərbaycanın maddi-mədəni sərvətlərini əks etdirən ekspozisiyasının tərtibatında yaxından iştirak etmişdir.