26 noyabr 2019-cu il tarixində Xəzər Universitetində Avropa Komissiyasının institusional monitorinqi başlamışdır. Monitorinq Avropa Komissiyasından və Milli Erasmus ofisindən gələn nümayəndələr tərəfindən həyata keçirilir. Günün birinci yarısında monitorinq nümayəndələri Xəzər Universitetinin rəhbərliyi ilə görüşmüş, layihələr haqqında ümumi müzakirələr aparmış və bundan sonra layihələrin monitorinqinə start verilmişdir.
Qeyd edək ki, institusional monitorinqdə indiyə qədər Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış olacaqdır. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri haqda, hal-hazırda davam edən layihələrin mövcud vəziyyəti haqda, yeni yazılmış layihələrin isə gələcək planları haqqında məlumat verəcəklər. Bu layihələr çərçivəsində əldə edilmiş avadanlıqlara, yaradılmış mərkəzlərə xüsusi baxış keçiriləcəkdir.
Əlavə olaraq Avropa Komissiyasından gələn və Milli Erasmus ofisindən gələn nümayəndələr universitet rəhbərliyi və universitetdə fəaliyyət göstərən bəzi ofis və mərkəzlərin nümayəndələri ilə görüşlər keçirəcək və gələcək əməkdaşlıq haqda müzakirələr aparacaqlar.
Monitorinq 27 noyabr 2019-cu il tarixində də davam edəcəkdir.