2019-cu il noyabrın 6-da Xəzər Universitetinin “Neftçilər” kampusunda Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Meksikanın Bayramı olan “Ölülər Günü” qeyd olundu.
Tədbiri Xəzər Universitetinin rektoru Dr.İradə Xəlilova açdı. O, cənab Səfir Rodrigo Labardiniyə bayram münasibətilə xoş arzularını çatdırdı.
Daha sonra, qısa animasiya filmi nümayiş etdirildi. Film ölümün də həyatın bir hissəsi olduğunu vurğulayırdı. Bunun ardınca, səfir Meksika ənənələri, habelə, bayramın Meksika xalqı üçün əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Həmçinin, universitetin lobbisində bu bayramın ənənələrini təcəssüm etdirən ənənəvi stend də qurulmuşdu. Stendə ölülərin xatirəsini əks etdirən şəkillər, müxtəlif simvolik qidalar –su, meyvə, ölülər çörəyi adlanan xüsusi formalı çörək, şam, gül, kəllə və Meksikanın milli geyimləri sərgilənmişdi. Səfirin stendin önündəki izahlı təqdimatı tələbələrə Meksika adət-ənənələri ilə daha yaxından tanış olmaq imkanı verdi.