2019-cu il noyabrın 4-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə İsveçrənin və Avropa İttifaqının rəsmi şəxsləri, Fransa və digər ölkələrin İsveçrədəki səfirləri və diplomatik korpusun əməkdaşları, Azərbaycan-İsveçrə İqtisadi Komissiyasının sədri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Azərbaycan tədbirdə Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə təmsil olunurdu. Tədbirdə səfir Xanım İbrahimova və Hikmət Hacıyev çıxış edərək, Azərbaycan diplomatik xidmət orqanlarının keçdiyi mürəkkəb və şərəfli yoldan, Azərbaycan-İsveçrə siyasi və iqtisadi əlaqələrindən danışdılar.
Tədbirdə İsveçrənin arxivlərində aparılan araşdırmalar nəticəsində ərsəyə gələn, İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin tarixinə dair tamamilə yeni faktlar üzə çıxaran kitabın təqdimatı keçirildi.
İştirakçılara Azərbaycan incəsənət ustalarının klassik musiqi konserti təqdim olundu. Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə xalq artisti Fidan Hacıyeva Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi. Konsertdə yerli violençel ifaçısı Alina Kudelevits də iştirak edirdi.