2019-cu il noyabrın 4-də Xəzər Universitetinin Həyat elmləri departamenti Ümumdünya Tək Sağlamlıq gününə həsr olunmuş üçüncü simpozium keçirdi. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova tədbiri açaraq, iştirakçıları salamladı, Tək Sağlamlıq prinsipləri və qloballaşan dünyada onun getdikcə, artan əhəmiyyəti haqqında iştirakçılara məlumat verdi.
Simpoziumda Azərbaycanın müxtəlif dövlət və özəl qurumlarının mütəxəssisləri, elm müəssisələrinin alimləri müxtəlif məruzələrlə çıxış etdilər. Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov “Ətraf mühitin sağlamlıqda rolu”, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Dr. Tural Qulu “İcbari tibbi sığorta sisteminin üstünlükləri”, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktoru Dr. Siala Rüstəmova “Zoonoz xəstəliklərə qarşı mübarizə tədbirləri”, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı şöbəsinin müdiri Dr. Qalib Əbdüləliyev “Respublikada heyvan xəstəlikləri ilə mübarizə işinin təşkili”, Azərbaycan Hava Yollarının əməkdaşı Dr. Şəlalə Hüseynova “Qidada olan təhlükələr və onların idarə olunması”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev “Xüsusi mühafizə olunan ərazilərin insan sağlamlığında rolu”, AMEA Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının əməkdaşı Dr. Səfadə Tağıyeva “Azərbaycanın aqrar sektorunda bitki bakteriozları ilə mübarizədə yeni bakteroiosinlərin istifadəsinin əhəmiyyəti” mövzularında məruzələr etdilər. Eyni zamanda, tədbirdə Xəzər Universitetinin Həyat elmləri departamentinin müəllimləri Dr. Asəf Ömərov və Dr. Cavid Ocaqi, Bakı Dövlət Universitetinin Sabah qruplarının müəllimi Dr. Mehdi Əli, Respublika Sanitariya-Karantin Müfəttişliyinin əməkdaşı Gülnarə Quliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının mütəxəssisi Dr. Kamran Kərimli, VITTA Scientific-Technical Company-nin əməkdaşı Aleksandra Zəkiyeva, həmçinin, doktorant və könüllü tələbələr iştirak edirdilər.