2019-cu il noyabrın 5-də Xəzər Universiteti Beynəlxalq Əlaqələr Şöbəsi Əcnəbi Tələbələr Birliyinə (ƏTB) seçkilərdə qalib gəlmiş şəxslərlə görüş keçirdi, onları təbrik etdi, onlara öhdəlikləri barədə məlumat verdi. Xəzər Universitetinin rəhbərliyi də ƏTB-yə lazımi dəstəyi göstərəcəklərini bildirdilər. Yaxın günlərdə ƏTB Şurası ƏTB-nin əsasnaməsini hazırlayaraq, rəhbərliklə görüş zamanı təqdim edəcək.
Qeyd edək ki, Xəzər Universitetində Beynəlxalq Əlaqələr Şöbəsinin təşəbbüsü ilə, Azərbaycanda ilk dəfə olaraq, Əcnəbi Tələbə Birliyi yaradılmışdır. Belə bir birliyin yaradılması əcnəbi tələbələrdə liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, tələbələrə mənsubluq hissinin aşılanması, habelə, tələbə hüquqlarının effektiv müdafiəsi baxımından əhəmiyyətlidir.
2019-cu il oktyabrın 18-dən 21-dək ƏTB-nin qanunverici orqanı olan Şuranın tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirildi. Ümumilikdə, ƏTB-nin yaradılması tələbələr tərəfindən böyük maraqla qarşılandı. 8 nəfər əcnəbi tələbə öz cəmiyyətlərinin –Asiya, Avrasiya, Afrika və MENA-nın səsi olmağa namizədliklərini irəli sürmüş və seçki kampaniyalarını elan etmişdilər. Oktyabrın 22-də elan edilən seçkilərin nəticələrinə əsasən Pakistandan olan İmtiaz Ahmed Asiya, Mohammed Abubakar Mohammed Afrika, Ahmet Coşkun Avrasiya, Abdulhussain Alrubai MENA regionları üzrə ƏTB-nin Şurasına seçildilər.