2019-cu il oktyabrın 27-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə biocoğrafiya və hidrologiya fənlərindən Altıağac Milli Parkına ekskursiya təşkil olundu. Milli Park Böyük Qafqazın cənub-şərqində, Xızı və Siyəzən rayonlarının inzibati ərazisində yerləşir. Çöl tədqiqatı zamanı tələbələr əvvəlcə biocoğrafiya fənninin mövzusuna uyğun olaraq, II Marşrut ilə hərəkət etdilər. Burada Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, itiyarpaqlı ağcaqayın ağac növlərindən və yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkilərindən ibarət meşə sahələrini gəzərək, onlar haqqında və təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası haqqında maraqlı məlumatlar əldə etdilər. Altıağac Milli Parkının ərazisində məməlilərdən –cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar; quşlardan –qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərlə tanış olaraq, onlar haqqında maraqlı, ərtaflı praktiki biliklər aldılar. Tələbələr qonur ayı balasını gördülər və onun orada necə qorunub sonra təbiətə buraxılması haqqında ətraflı məlumatlar əldə etdilər. Daha sonra hidrologiya fənnindən çayda suyun sürətinin və su sərfinin ölçülməsi mövzusu üzrə praktiki işlər görüldü, üzgəc yolu ilə çayın sütətini ölçdülər.