2019-cu il oktyabrın 11-i və 12-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəsmi dəvətilə Kiyevdə təşkil olunan gənc alimlərin Beynəlxalq konfransında “Savaş arxeologiyasının araşdırılmasında müasir metodologiya” mövzusu ilə iştirak etdi. Ukrayna MEA Arxeologiya İnstitutunda keçirilən konfrans arxeoloji qazıntı üsullarına və müasir arxeoloji metodikanın tətbiqinin effektivliyinin müzakirəsinə həsr olunmuşdu. Arxeoloji çöl tədqiqatları zamanı qazıntıya ehtiyacın olub-olmaması məsələsi konfransın əsas mövzusu idi. Konfransda Ukrayna Respublikanın ayrı-ayrı bölgələrindən və müxtəlif elmi müəssisələrdən olan gənc araşdırmaçılarla bərabər, Almaniya və Rumıniyadan olan mütəxəssislər də iştirak edirdilər.