2019-cu il oktyabrın 18-də Xəzər Universitetinin 2-ci kurs magistratura pilləsində təhsil alan tələbəsi Abubakari Yushawu Azərbaycan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan 2-ci kurs bakalavr tələbələrinə “Rəqəmsal dünyada təhsil” (“Education in the digital world”) adlı danışıq klubunda mühazirə oxudu.
Qana Respublikasının vətəndaşı olan Abubakari Yushawu 2018-ci ildən bəri Azərbaycanda, Xəzər Universitetinin magistratura pilləsində təhsilin menecmenti ixtisası üzrə təhsil alır. Buna qədər onun Amerika və Şotlandiya kimi ölkələrdə də təhsil təcrübəsi toplamaq imkanı olmuşdur.
Azərbaycan Universitetinin müəllimi, eyni zamanda, Xəzər Universitetinin doktorantı Ph.D. (c.) Validə Kərimovanın təşkil etdiyi “Rəqəmsal dünyada təhsil adlanan mühazirədə A.Yushawu əsasən müasir dövrdə təhsilin təşkili, bu istiqamətdə aparılan islahatlar, gənclərin təhsilə marağı və s. haqqında çox geniş məlumatlar verdi. Danışıq klubunun gedişatında tələbələrin daha çox marağına səbəb olan isə A.Yushawunun müqayisəli formada təhsilin təşkilini izah etməsi olmuşdur. Belə ki, A.Yushawu Qana Respublikası və Azərbaycan Respublikasının Təhsil Nazirlikləri tərəfindən təklif edilən fənn proqramlarını, məktəbəqədər təhsili, kollec və universitet təhsilini müqayisəli formada izah etməsi ilə toplaşan auditoriyanın marağını qazana bilmişdir.
Danışıq klubunda iştirak edən “Maliyyə” ixtisasının 2-ci kurs bakalavr tələbələri, “Xarici dillər” kafedrasının rəhbəri dos. Samirə Məmmədova, eyniadlı kafedranın müəllimləri dosent Rəna Kərimova və Ph.D. (c.) Validə Kərimova Azərbaycan Universitetində tələbələrə yaradılmış təhsil imkanlarından qonaq məruzəçiyə söhbət açdılar. Mühazirənin gedişatı zamanı o, bir sıra xarici ölkələrdə qazandığı təhsil təcrübələri haqqında da ətraflı məlumat verdi.
İnteraktiv keçən mühazirənin sonunda A.Yushawu danışıq klubunda iştirak edən tələbə və müəllimlərin suallarını cavablandırdı və mühazirənin təşkili üçün öz təşəkkürünü bildirdi.