… Tam 1 il bundan əvvəl, əlavə dil olaraq, Çin dilini seçdim. O gündən etibarən bu dilə qarşı məndə sevgi yarandı və mən artıq Çini daha çox araşdırmağa başladım. Çin dili kənardan çox çətin dilə oxşaya bilər, amma öyrəndikcə necə də maraqlı olduğunu anlayırsan.
Artıq bir müddətdən sonra məndə oraları gedib gəzmək həvəsi yarandı və müəllimimiz Jiang Wenru bizə yayda Çində Yay Məktəbinin olacağını açıqladı. Təbii ki, mən bu məlumata çox sevindim və dərhal hazırlığa başladım. Məndən əlavə, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsindən daha 2 tələbə - 3-cü kurs tələbələri Səlimə Musayeva və Şəlalə İbrahimova da yay məktəbində iştirak etmək arzularını bildirdilər.
Bizimlə birlikdə Azerbaycanın tanınmış universitetlərindən 13 tələbə də var idi. 30 iyun - o gün gəlib çatdı və biz artıq Çinə getməyə hazır idik və hamımız çox həyəcan keçirirdik. Tam 19 saatlıq yoldan sonra artıq biz Hefei şəhərində yerləşən Anhui Universitetinə çatdıq. Yol bizim üçün çox yorucu oldu. Amma biz yolun maraqlı olması üçün öz xalq mahnılarımızdan oxuduq ki, vaxtımız əyləncəli keçsin və çinlilər də bizim ölkəmizi tanısın.
Sonrakı gün bizimlə tanışlıq oldu, bizə universitetin geyimlərini verdilər. Anhui Universitetinin rektoru Yay məktəbinin bayrağını mənə təqdim etdi və dərslərimiz başladı. Dərslərdə bizə Çin haqqında dəyərli məlumatlar verdilər. Təbii ki, bu məlumatlar bizi Çinə daha da bağladı. Biz orda Azərbaycanımızı çox yaxşı təmsil etməli idik, ona görə özümüzlə Bayraq, Tar və hədiyyələr aparmışdıq. Bizdən əlavə də Yaponiya, Ukrayna, Çili, Fransa, Almaniya, Amerika və İtaliyadan tələbələr gəlmişdi.
Universitetdə keçən tədbirdə biz Azərbaycan haqqında məlumat verdik. Bizdən İlyas Balakişiyev tarda çaldı, Səlimə Musayeva milli rəqsimizi nümayiş etdirdi, Dilbər Hüseynli, Tamilla Səmədova, İsmayıl İsmayılzadə və Əzizə Nəzərova Azərbaycanın xalq mahnısı olan “Sarı Gəlini”i ifa etdilər.
Yay məktəbi günlərində biz Çində təhsil alan İman Quluzadə ilə tanış olduq. O, artıq bir ildir ki, orada təhsil alır. Çin dilində sərbəst şəkildə danışa bilirdi, onu gördükdən sonra bizdə Çin dilinə və tarixinə qarşı daha çox həvəs yarandı.
Biz Huangshan şəhərində yerləşən “Yellow mount”adlanan dağlıq əraziyə getdik, oralar çox gözəl idi.
Yemək barəsində bir az çətinlik çəkdik, Çin mətbəxi bizim yeməklərimizdən çox fərqlənirdi, ən maraqlısı odur ki, biz orada çubuqla yeməyi öyrəndik.
İyul ayının 12-də isə biz Şanxaya yollandıq və 2 gün orda qaldıqdan sonra Azərbaycana qayıtdıq. Həyatımda keçirdiyim ən maraqlı 2 həftə sona çatdı. Bizim üçün ordan qayıtmaq heç də rahat olmadı, çünki ora üçün darıxacaqdıq, bizdən yalnız orada İman Quluzadə qaldı, çünki o orada təhsilini davam etdirəcək.
Biz də gələcəkdə Çinə getməyi planlaşdırırıq, bu sevgi tam 1il bundan qabaq yarandı və Çin səfərində daha da gücləndi. Bu cür şəraiti bizim üçün yaradan Xəzər Universitetinə təşəkkürlərimizi bildiririk.
Tağı Məmmədov,
İqtisadiyyat və menecement fakültəsinin 3-cü kurs tələbəsi