2019-cu il sentyabrın 25-i və 26-da keçirilmiş “Bolonya əməkdaşlıq forumu: Konfrans və şəbəkələşmə” adlı görüşdə Xəzər Universitetinin əməkdaşları – İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və Menecment Fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və Fəlsəfə Departamentinin müdiri Dr. Elmar Mustafayev, Beynəlxalq Əlaqələr Şöbəsinin Koordinatoru Abutab Abbasova, Keyfiyyətin Təminatı Mərkəzinin assistenti Cəmilə Fərman iştirak etdilər. İki günlük tədbir Alman Akademik Mübadilə Xidməti (DAAD) və DAAD Bakı Məlumat Mərkəzi tərəfindən təşkil edilmişdi.
Konfransda Bolonya islahatları, keyfiyyətin təminatı, ali təhsil müəssisələrinin beynəlmiləşməsi, ixtisasların tanınması, Avropa Ali Təhsil Məkanında diplom əlavəsi və Avropa Kredit Transfer Sistemi (AKTS) kimi məsələlərə toxunuldu. Tədbir, həmçinin, Azərbaycan və Avropa Ali Təhsil Məkanından olan universitetlər arasında əməkdaşlıq və yeni tərəfdaşlıq imkanları üçün də platforma təqdim etdi.