Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, filologiya üzrə fəlsəfə doktoru, tanınmış ədəbiyyatşünas alim, ictimai-siyasi xadim Vurğun Əyyub 2019-cu il sentyabrın 24-də ömrünün altmış ikinci ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.
1977-ci ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
1977-1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı - "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərliyi dövründə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib. Keçmiş Sovet İttifaqının ərazisində test üsulu ilə tələbə qəbulunun 1992-ci ildən indiyədək yalnız Azərbaycanda keçirilməsi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir.
Vurğun Əyyub 2009-cu ildən həyatının sonunadək Xəzər Universitetində departament müdiri vəzifəsində çalışmış, yüksək biliyi və erudisiyası, səmimi rəftar və təvazökarlığı ilə müəllim və tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdı.
Vurğub Əyyubun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Xəzər Universiteti