2019-cu il avqustun 8-də Azərbaycanın maddi-mədəni irsini təbliğ və təşviq edən “Şəhər incəsənəti. Azərbaycan” layihəsi növbəti səfərini tərəfdaşları olan Xəzər Universiteti və AMEA-nın dəstəyilə yenicə tədqiq olunmağa başlanan qədim abidənin arxeoloji qazıntı sahəsinə təşkil etdi.
Bu səfər AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Təhsil şöbəsinin müdiri Pərvanə Əliyeva, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Tədris və beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Fidan Əliyeva, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri, “Şəhər incəsənəti” layihəsinin iştirakçıları və təşkilatçılarının iştirakı ilə gerçəkləşdi. Səfərin hədəfi 2016-cı ildən ilk dəfə elmi-akademik tədqiq olunmağa başlayan Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən və Erkən Tunc dövrünə aid olan “Çaqqalıtəpə” abidəsinə tanışlıq ekskursiyası idi.
Səfər əsnasında öncə rayon ərazisində fəaliyyət göstərən Tarix və Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olundu. Daha sonra Aygünlü kəndi Çaqqalıtəpə abidəsinə tanışlıq ekskursiyası baş tutdu. Daha sonra isə qrup Şabran Orta əsr şəhər yerinə qısa baxış keçirdi.
Erkən Tunc dövrünə aid olan Çaqqalıtəpə abidəsi bir neçə təpədən ibarətdir. Samur-Dəvəçi kanalının çəkilişi zamanı kəşf edilən qədim yaşayış məntəqəsindən bir sıra məişət əşyaları tapılmışdır. Bundan başqa ocaq izlərinə, saxsı qablara və s. maddi-mədəni arxeoloji tapıntılara rast gəlmək olar.
Səfər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun və Xəzər Universitetinin İctimai əlaqələr və media şöbəsinin dəstəyi ilə həyata keçirilmişdir. Maraqlı keçən səfərə yağışın yağması xüsusi rəng qatdı. İstər Xəzər Universitetinin səfərdə iştirak edən tələbələri, istərsə də qeyd edilən layihənin iştirakçıları Azərbaycanın maddi-mədəni irsi, onun təbii gözəlliyi və zəngin keçmişinin araşdırılması ilə əlaqəli çoxsaylı suallara cavab tapmış oldular.