Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Xəzər Universitetinin “İkinci Beynəlxalq Unudulan Sözlər Yaşadılsın – Dədə Qorqudun İzində / Sözündə” adlı birgə layihəsi çərçivəsində 2019-cu il iyulun 26-da Gəncə Dövlət Universitetində növbəti tədbir – Beynəlxalq Gənclik Simpoziumu keçirildi.
Qeyd edək ki, AMEA Folklor İnstitutu, Bayburt Bələdiyyəsi, Türkmənistan Elmlər Akademiyası, Qırğızıstanın Manas Universiteti, Qazaxıstanın Əhməd Yəsəvi Universiteti, Özbəkistan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu kimi nüfuzlu elm və təhsil müəssisələri layihəyə dəstək verirlər. Layihənin məqsədi Dədə Qorqud dastanlarında adı çəkilən şəhər, çay, dağ və s. yerləri gənc nəslə tanıtmaq, onlara vətənpərvərlik və millilik ruhu aşılamaqdır.
Layihədə Türkiyə və Azərbaycanın elm və təhsil müəssisələrinin alim və mütəxəssisləri, orta məktəb müəllimləri və şagirdləri iştirak edirlər.
Layihə iştirakçıları Türkiyənin Ankara, Trabzon və Bayburt, Gürcüstanın Batumi və Tbilisi şəhərlərində tədbirlər keçirərək, Gəncəyə gəlmişdilər.
Gəncə Dövlət Universitetində tədbirin açılışı Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin ifası ilə başlandı. Universitetin İnnovasiyalar departamentinin direktoru Dr. Vasif Həsənov iştirakçıları salamladıqdan sonra Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə çıxış edərək, tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını nəzərə çatdırdı.
Layihənin Türkiyə üzrə elmi rəhbəri, Ankara Universitetinin professoru Üçler Bulduk, Xəzər Universiteti “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev, simpoziumun qonağı – Koreyanın Seul Dövlət Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin direktoru Dr. Eunkyung Oh, Yasemin Karakaya Elm və Sənət Mərkəzinin əməkdaşı Selma Köseoğlu, AMEA Folklor İnstitutunun Xarici Əlaqələr Bölməsinin müdiri Əli Şamil və Akdeniz Universiteti Gözəl sənətlər fakültəsinin əməkdaşı Mehmet Sağ, Azərbaycan Britaniya Kollecinin müəllimi Xədicə Babayeva, Sumqayıt Şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin müəllimi Aidə Ələkbərova, İsmayıllı rayonunun Ceyhun Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinin müəllimləri Aytən Kazımlı və Tünzalə Abdullayeva açılış mərasimində çıxış edərək, möhtəşəm layihənin həm ümumilikdə, həm də müxtəlif istiqamətlərinin mühüm əhəmiyyətindən bəhs etdilər.
Fasilədən sonra simpozium Əli Şamil və Üçler Buldukun moderatorluğu ilə iki bölmədə işini davam etdirdi. Türkiyə universitetlərinin tələbələri - Serkan Karagöz, İsmail Sefa Urhan, Emine Temel və digərləri, Xəzər Universitetinin tələbəri - Aydan Quliyeva (birinci kurs, tarix ixtisası, “Dədə Qorqud sovet dönəmində”), Fatma Əliyeva (birinci kurs, tarix ixtisası, “Dədə Qorqud dastanlarındakı atalar sözlərinin qarşılığı”) və Sabir Hüseynov (ikinci kurs, dizayn ixtisası, “Dədə Qorqudu rəsm edərkən”) Dədə Qorqud dastanları mövzusundakı tədqiqatlarını təqdim etdilər.
Bağlanış mərasimində Üçler Bulduk simpoziumun işini yekunlaşdırdı, Gəncə Dövlət Universitetinə təşəkkürünü bildirdi.
İyulun 27-də simpozium iştirakçıları Ağstafa və Qazax rayonlarına səfər etdilər. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin önundə qonaqlar səmimi qarşılandılar. Rayon ziyalılarının və mədəniyyət işçilərinin toplaşdığı Mədəniyyət mərkəzində rəsmi və bədii hissədən ibarət geniş tədbir oldu. Uçler Bulduk, layihənin icraçı rəhbəri, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Aynur Qəzənfərqızı çıxış edərək, layihə haqqında məlumat verdilər. Mehmet Sağ Qafqaz azərbaycanlılarına həsr etdiyi şeirini oxudu. Bədii hissədə Ağstafa, Qazax və Tovuzun tanınmış saz-söz ustalarının geniş proqramlı konserti təqdim olundu. Sonda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov və Uçler Bulduk çıxış edərək, hədiyyələr təqdim olundu. Sonra layihə iştirakçıları Qazax rayonuna gedərək, “Dədə Qorqud” Abidə Kompleksində, Tarix-Diyarşünaslıq Muzeyində və Dövlət Rəsm Qalereyasında oldular.
Layihə iştirakçıları Bakıya döndükdən sonra Qazaxıstana yola düşdülər. Oradan isə onları Özbəkistan, Türkmənistan və Qırğızıstana səfərlər gözləyir. Türkiyədən başlanan layihə proqramı Türkiyədə başa çataçaq.