2019-cu il iyulun 22-də Xəzər Universitetinin “Neftçilər” kampusunda Çikaqo Dövlət Universitetinin (ABŞ) müəllimi, Fulbright professoru Nadeem Fazalın təqdimatında iki müxtəlif interaktiv seminar keçirildi. “Olmaq və ya olmamaq–PhD” adlı interaktiv seminar səhər saatlarında və “Təhsildə müasir tendensiyalar” adlı interaktiv seminar isə günün ikinci yarısında oldu.
Seminarlarda Xəzər Universitetinin PhD, magistrant tələbələri və müəllimləri ilə yanaşı, Milli Erasmus ofisinin rəhbəri və əməkdaşları, həmçinin digər universitetlərin də nümayəndələri iştirak edirdilər. Professor Nadeem Fazalın təqdimatları böyük maraqla qarşılandı və professor ona ünvanlanan sualları cavablandırdı. Tədbirin sonunda iştirakçılara sertifikatlat təqdim olundu.
Bu seminarlar Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, M.D, Ph.D Nadeem Fazal Çikaqo şəhərində yerləşən Çikaqo Dövlət Universitetinin mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklər üzrə professorudur. O, Tibb Doktoru (M.D) dərəcəsini Pakistandakı Lahore şəhərində yerləşən King Edward Tibb Universitetindən və İmmunologiya üzrə PhD dərəcəsini isə İngiltərənin Birmingham Universitetindən almışdır.
O, Amerika İmmunoloqlar Assosiasiyası (AIA), Amerika Mikrobiologiya Cəmiyyəti (AMC), Amerika Fiziologiya Cəmiyyəti (AFC), İnsan Genetikası üzrə Amerika Cəmiyyəti (İGAC) və Amerika Əczaçılıq Kollecləri Assosiyasiyası (AƏKA) və digər bir çox elmi və peşəkar təşkilatın üzvüdür.
Ümumi Mikrobiologiya Cəmiyyətləri (GMC), Amerikan Mikrobiologiya Cəmiyyəti (AMC) və Britaniya İmmunologiya Cəmmiyətindən (BIC) mükafatlar almışdır. O, həmçinin, İngiltərənin Birmingham Universitetinin Rowtham Bequest mükafatına layiq görülmüşdür.
Onun resenziya verilən elmi jurnallarda 40-dan çox məqaləsi dərc edilmişdir.
Doktor Fazal hazırda Fulbright mükafatı əsasında Azərbaycana təyinat almışdır. Birləşmiş Ştatların və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanın artırılması məqsədini daşıyan Fulbright Proqramı ABŞ hökumətinin maliyyələşdirdiyi qabaqcıl beynəlxalq təhsil mübadilə proqramıdır.