2019-cu il iyulun 8-dən 12-dək Xəzər Universitetinin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Lyudmila Sotova “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” adlı ERASMUS+ layihəsi çərçivəsində İspaniyanın Valensiya Politexnik Universitetində keçirilən görüşdə iştirak etdilər.
Tədbirə həm Azərbaycandan (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti), həm də Avropadan (Debrecen Universiteti - Macarıstan, Jyvaskyla Universiteti - Finlandiya, Vyana Tətbiqi Elmlər Universiteti - Avstriya, Qazi Universiteti - Türkiyə) olan tərəfdaş universitetlərin nümayəndələri qatılmışdılar.
Görüşün əsas məqsədi indiyə qədər layihədə əldə olunmuş nailiyyətləri təqdim edib növbəti 6 ay üçün layihənin işlərinin planlaşdırılması, o cümlədən dayanıqlı inkişaf və məlumatlandırma planlarının hazırlanmasından ibarət idi.
Səfər müddətində tərəfdaş universitetlərin nümayəndələri Valensiya Politexnik Universitetində təşkil olunmuş “Education Change Forum 2019” forumunda da iştirak etdilər. Qonaq məruzəçilər ali təhsil müəssisələrində təlim-tədris prosesinin inkişafında yeni modellərin tətbiqi mövzusunda ən qabaqcıl təcrübələri iştirakçılar ilə paylaşdılar.
Görüşün keçirildiyi günlərdə Valensiya Politeknik Universitetinin seçilmiş tələbələri ali təhsildə dəyişikliyin vacibliyi və indiki dövrə uyğunlaşdırılması haqqında ideyalar formalaşdırdılar və əldə olunmuş nəticələri forumun iştirakçılarına təqdim etdilər.