2019-cu il iyulun 9-13-də İvana Cavaxişvili Tbilisi Dövlət Universitetinin koordinotoru olduğu “Universitetdə miqrasiya təhsilinin təşviqi” Erasmus+ (PROMIG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində Almaniyanın Oldenburq Universitetində layihənin növbəti idarəetmə görüşü keçirilmişdir. Görüşdə Xəzər Universitetindən İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev, Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, həmçinin universitetin müəllimi Dr. Rövşən Kərimov iştirak etmişlər.
Tədbirə Bakı Mühəndislik Universiteti, Əfqanıstanın Bonn (Almaniya) şəhərindəki konsulluğu, Kəlküttə Sanskrit Kolleci və Universiteti (Hindistan) və Gürcüstan universitetlərinin nümayəndələri də qatılmışlar.
Dörd gün davam edən tədbirdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunmuş, Oldenburq Universiteti magistr tələbələrinin miqrasiya ilə bağlı araşdırmalarının nəticələrinə dair təqdimatları dinlənilmişdir. Bundan əlavə, layihə çərçivəsində nəzərdə tutulmuş növbəti təlimlərin mövzuları müzakirə olunaraq müəyyənləşdirilmiş, təyin olunmuş mövzularla bağlı layihə üzvləri universitetin kitabxanasında işləyərək materiallar toplamış və təlim üçün modul və qiymətləndirmə formalarını hazırlamışlar. Həmçinin, layihənin növbəti görüşlərinin vaxtları, layihənin keyfiyyətli idarə olunması və layihə qarşısında duran məsələlər müzakirə olunmuşdur.